Yalçın Rəfiyev: “300 milyardlıq hədəfə nail olmaq çətin proses idi”
“COP29-da qəbul edilən 300 milyardlıq hədəf tarixi nəaliyyətdir”.
TodayPress xəbər verir ki, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bunu 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçirilən “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” konfransı zamanı deyib.
Onun sözlərinə görə, COP29 həm miqyas etibarilə, həm də Cənubi Qafqaz regionunda Azərbaycanda təşkil olunması cəhətdən olduqca əlamətdar hadisə sayılmalıdır.
Bununla yanaşı, çoxtərəfli diplomatiya prosesləri arasında COP29 öz səmərəliliyi ilə seçilib. Nazir müavini COP29-un əsas nəticələri haqqında da söz açıb:
“300 milyard ABŞ dolları hədəfinə nail olmaq olduqca çətin proses idi. Ümumiyyətlə iqlim məsələləri artıq siyasiləşmiş məsələdir. Buraya maliyyə məsələlərini də əlavə etmək prosesi daha da mürəkkəbləşdirir. Bu rəqəm ötən hədəfi 3 dəfə haqlayaraq nə qədər böyük iş gördüyümüzü bir daha sübut etdi. Bunu tarixi nəaliyyət hesab etmək olar”.
Yalçın Rəfiyev COP29-da əldə edilən nəticəni təkcə Azərbaycanın yox, bütün ölkələrin birgə işi olduğunu qeyd edib.
O xatırladıb ki, COP29 çərçivəsində 14 danışıqlar qrupu olub. Onların hər biri öz perpektivindən müzakirələr aparıb və yekun hədəfə nail olmaq üçün əllərindən gələni ediblər.
Töhfə Səməd
tag: Yalçın Rəfiyev,COP29,300,Milyard,Todaypress.az,