Tokayev tapşırıq verdi, qəza ilə bağlı cinatyət işi açıldı

Xarici siyasət

25.12.2024 13:10

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik edəcəyi dövlət komissiyası yaradılıb.

TodayPress, Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib.

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda Aktau şəhər hava limanı açıqdır və ştat rejimdə fəaliyyət göstərir.

Bundan başqa, təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Belə ki, "nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan" maddəsi ilə məhkəməyə qədər istintaq başlanıb.

Həmçinin adı çəkilən ölkənin Fövqəladə Hallar Nazirliyi təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb. Həmin şəxslərin yaxınları “87172-55-96-21” və “8-7292-31-90-91” nömrələri ilə əlaqə saxlaya bilərlər. 

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

İlkin məlumata görə, 27 nəfər sağ çıxıb.

Qazaxıstan FHN-nin iddiasına əsasən, yaralılardan 3-ü uşaqdır. Xəsarət alan şəxslər Manqistau regional xəstəxanasına çatdırılıb.

tag: Qazaxıstan ,Prezident ,Tokayev ,Tapşırıq ,todaypress.az,