Şri Lankalı nümayəndə: “Cənubi Qafqazda tək tərəfdaşımız Azərbaycandır”
“Azərbaycan bizim üçün əsas çay ixracı bazarlarından biridir”.
Şri Lankalı nümayəndə, “Halpe Tea” şirkətinin Baş meneceri Solanqaraçiqe Şerin Dineş bunu TodayPress-ə danışarkən deyib.
Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisində o, Azərbaycanla iqtisadi əlaqələrin, xüsusilə də çay ticarətinin uğurla inkişaf etdiyini vurğulayıb.
"Azərbaycanla çay sahəsində çox yaxşı münasibətlərimiz var. Bir çox Şri Lanka şirkətləri gündəlik istehsal etdikləri çayı məhz Azərbaycan bazarına yönləndirirlər. Çünki bu ölkə bizim üçün əsas və iri həcmli alıcı bazarlardan biridir”.
O əlavə edib ki, Azərbaycan Şri Lankadan çay idxal edən ölkələr sırasında ilk onluqda yer alır.
"Dəqiq rəqəmləri deyə bilmərəm, amma əminliklə söyləyə bilərəm ki, Azərbaycan Şri Lankadan ən çox çay idxal edən ilk on ölkədən biridir. Markamıza olan tələb hər il artır. İllik satış həcmlərimizdə artım müşahidə olunur. Bu da ölkənizin bizim üçün nə qədər vacib bazar olduğunu göstərir”. Sonda o, qeyd edib ki, region üzrə Azərbaycanla sıx əməkdaşlıq qurulub, bununla yanaşı, Rusiya və Ukrayna ilə də ticarət əlaqələri mövcuddur: "Cənubi Qafqaz regionunda tək tərəfdaşımız Azərbaycandır. Biz bundan məmnunuq. Lakin növbəti illərdə əməkdaşlıq etdiyimiz ölkələrin sayını artırmaq əsas prioritetlərimiz arasında ilk sıradadır”.
Töhfə Səməd
tag: Azərbaycan,Şri-Lanka,Nümayəndə,Solanqaraçiqe Şerin Dineş,Todaypress.az,