Səfir: “Özbəkistan yeni idarəçilik sisteminə keçir”

Xarici siyasət

15.10.2024 13:13

“Hər bir insanın potensialının reallaşdırılması, yoxsulluğun azaldılması, əhalinin rifahının təmin edilməsi, vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, davamlı iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə strategiyası Özbəkistan hökumətinin qarşıya qoyduğu ən başlıca vəzifədir”

TodayPress xəbər verir ki, bunu Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov jurnalistlərlə keçirdiyi görüşdə deyib.

O, bildirib ki, Özbəkistan hökumətinin əsas məqsədi 2030-cu ilə qədər ölkəni orta səviyyədən yüksək gəlir səviyyəsinə malik ölkələr sırasına çıxarmaqdır. Özbəkistan beynəlxalq təcrübəni nəzərə alaraq, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi və siyasi populyarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir. Bunun ən yaxşı nümunəsini isə Özbəkistanda oktyabrın 27-də keçiriləcək parlament seçkilərində görəcəyik:

“Bildiyiniz kimi, demokratiyanın yüksək səviyyədə olduğu əksər ölkələrdə parlament seçkiləri proporsional, qarışıq seçki sistemi ilə keçirilir. Özbəkistanda isə qarşıdan gələn parlament seçkiləri ilk dəfə olaraq majoritar-proporsional, yəni qarışıq sistem əsasında keçiriləcək. Ümumilikdə 150 namizəd olacaq. Xarici palatanın 75 deputatı majoritar,  qalan 75 deputat isə proporsional seçiləcək”.

Səfir diqqətə çatdrıb ki, Özbəkistanda parlament seçkiləri ilə bağlı seçki kampaniyası tam sürətlə davam edir, 5 əsas siyasi partiya qanunverici palatada yer uğrunda mübarizə aparır:

"Seçkilərdə erkən səsvermə oktyabrın 16-da başlayacaq və oktyabrın 23-dək davam edəcək. Erkən səsvermə seçki günü, yəni oktyabrın 27-də səs verə bilməyəcək Özbəkistan vətəndaşları üçün nəzərdə tutulub. Onlar üçün Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində 56 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bakıda hər şey təşkil olunub, səfirin rəhbərlik etdiyi seçki komissiyası fəaliyyət göstərir. Azərbaycanda daimi yaşayan 325 özbək seçici səs vermək üçün qeydiyyatdan keçib”.

O, qeyd edib ki, Konstitusiyaya edilən dəyişikliklərdən sonra indi qanunvericilik palatasının müstəsna səlahiyyətlərinin sayı 5-dən 12-yə yüksəlib.

Töhfə Səməd

tag: Özbəkistan, Hökumət ,Cəmiyyət ,Siyasi ,Səviyyə ,Bahrom Aşrafxanov ,todaypress.az,