Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda oldu - YENİLƏNDİ
Xarici siyasət
26.06.2024 13:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
TodayPress xəbər verir ki, nümayəndə heyətinə
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo
Çirielli də daxildir.
Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin
tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin
açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını
qeyd etdi.
Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki
sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan”
tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin
yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın
bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa
məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və
ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlətimizin
başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini
və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.
Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz
üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham
Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını
vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında
strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil
etdiyini dedi.
Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək
COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğuladı.
Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri
də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki,
İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu
universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da
genişlənəcəyinə əminliyini bildirdi.
Qəbula görə minnətdarlığını ifadə edən İtaliyanın
müdafiə naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlətimizin
başçısına təbriklərini çatdırdı.
Qonaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla
xatırladı.
Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo
Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi
sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirdi.
tag: İlham Əliyev, İtaliya, Quido Krosetton, Nümayəndə, Edmondo Çirielli, todaypress.az,