Qazaxıstan XİN rəhbəri: Azərbaycanın AQEM-də sədrlik etməsini dəstəkləyirik

Xarici siyasət

11.03.2025 10:57

633

Qazaxıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrlik prioritetlərini dəstəkləyir.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu bildirib.

O qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə yaradılmış bu forum regional təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi üçün zəruri olan dialoq platformasına çevrilib.

M.Nurtleu həmçinin vurğulayıb ki, Qazaxıstan bu forumun beynəlxalq təşkilata çevrilməsi istiqamətində birgə işi davam etdirməyə hazırdır.

"Ümumiyyətlə, bizim gündəliyimiz və bütün mövqelərimiz üst-üstə düşür və bir-birimizə daim dəstək göstəririk. Ticarət, iqtisadi və investisiya sahələrində yüksək səviyyədə əldə edilmiş razılaşmaların keyfiyyətli və vaxtında yerinə yetirilməsi üçün səy göstərməklə bağlı razılığa gəldik" deyə Nurtleu vurğulayıb.

O, həmçinin Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin regional mərkəzinin yaradılması haqqında BMT Baş Assambleyasının qətnaməsini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Bu qətnaməyə 152 ölkə qoşulub.

tag: Qazaxıstan XİN,Murat Nurtleu,Görüş,Təşəkkür,Todaypress.az,