Prezidentlər Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində oldular, şəhəri gəzdilər - YENİLƏNDİ
Xarici siyasət
05.07.2024 23:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə
səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız
Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət
birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə
Şuşa şəhərinin sakinləri ilə söhbət etdi:
Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız
olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.
Sakinlər: Yaşasın Azərbaycan xalqı!
Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?
Sakinlər: Əla.
Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik
Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm
Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı
yayımda mən Sizi təbrik edərək demişəm:
“Yolun qarasında sına bəxtini,
Yolun adı elə ağdı Səninçün,
Şuşaya yolları sən dolanmasan,
Bu dünya ömürlük dağdır Səninçün”.
Şükür ki, bu yolu dolandıq.
Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız
burada, hər şey yaxşıdır?
Sakinlər: Allaha şükür.
Prezident İlham Əliyev: Allaha şükür.
Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.
Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin
rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.
Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.
Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər
var?
Rəssam Rövşən Bayramov: Var, var.
Qadın sakin: Buyurun, baxın.
Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.
Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu,
yeni əsərdir?
Rəssam Rövşən Bayramov: Bəli.
Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə
doğma Vətənə qayıdandan sonra?
Sakin: Merdinli məhəlləsidir.
Prezident İlham Əliyev: Gəl, qızım, gəl.
Şuşalı qız: Necəsiniz?
Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?
Şuşalı qız: Çox sağ olun, yaxşıyam.
Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın
var sənin?
Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim
telefonla çəkdirə bilərik?
Prezident İlham Əliyev: Olar, əlbəttə.
Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın
açarını bu qıza təqdim etmişdilər.
Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə
də gedəcəksən?
Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var:
“Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan
xalqına, Azərbaycan Ordusuna!”.
Prezident İlham Əliyev: Sağ ol, qızım.
Şuşalı qız: Çox sağ olun, minnətdaram.
Prezident İlham Əliyev: Sağ ol.
x x x
Dövlətimizin başçısı Qırğızıstan Prezidenti Sadır Japarovu
qarşıladı.
Prezident İlham Əliyev: Salaməleyküm.
Prezident Sadır Japarov: İlham Heydər oğlu, Sizi görməyə
şadam.
Prezident İlham Əliyev: Salam, şuşalılar Sizi
salamlayırlar. Bizim qardaşımız, Qırğızıstan Respublikasının Prezidenti.
Kişi sakin: Yaşasın Turan! Yaşasın Türk dünyası!
x x x
Sonra Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevi qarşıladı.
Dövlət başçıları Şuşa şəhərini gəzdilər.
Qonaqlara yeni Şuşa məscidinin layihəsi barədə məlumat
verildi.
Bildirildi ki, qədim Şuşada təməli qoyulan məscid həm də
müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzədiləcək
günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla
birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində
istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın
firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm
etdirəcək. Yeni məscidin təməlini 2021-ci il mayın 12-də Prezident İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva
qoyublar.
Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Aşağı Gövhər Ağa məscidində
oldular.
Məlumat verildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə
erməni vandalizminə məruz qalan Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri
artıq başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə
gələn bu məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş
məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin
tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və
minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib,
məscid vandalizmin qurbanına çevrilib. 2021-ci ilin dekabrında Heydər Əliyev
Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa işlərinə
başlanılmışdı. Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni
vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscidin divarlarında
müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən
edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının da
dağıntılarının bir qismi konservasiya olunub.
Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları sonra
Cıdır düzünə gəldilər.
Qeyd olundu ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.
***
21:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.
tag: Özbəkistan, Qırğızıstan, Aşağı Gövhər Ağa, Şuşa, todaypress.az,