Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər- YENİLƏNDİ
Xarici siyasət
24.08.2024 00:47
Avqustun 23-də Daşkənddə sənədlərin
imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
mətbuata bəyanatlarla çıxış ediblər.
TodayPress xəbər verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin bəyanatı
-Hörmətli kütləvi informasiya vasitələrinin
nümayəndələri. Sizin iştirakınıza şadam. Azərbaycan Respublikasının
Prezidentini, əziz qardaşım, hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan
nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər özbək torpağında səmimiyyətlə
salamlayıram. Sizi görməyimizə çox şadıq. Özbəkistana xoş gəlmisiniz.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan
Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin
inkişafında tarixi hadisədir. Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik
münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı
fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz
bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm
sadiqliyimizi təsdiq etdik.
Hörmətli iştirakçılar, siz yəqin ki, bu gün bizim,
əslində, nə etdiyimizi sonuna qədər təsəvvür etmirsiniz... Zənnimcə, bu il 33
iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir
ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik
münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix
yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının
rifahında öz əksini tapacaq. Bu münasibətlə Sizi bir daha təbrik edirəm.
Özbəkistanın kütləvi informasiya vasitələrinin
nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı
və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da
çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik
münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir.
Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi
üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi
olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz
İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət
edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən
edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri
kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət
götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir
və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul
olacağımız sahələr, istiqamətlər var.
Ümumilikdə, danışıqlar ənənəvi olaraq, açıq və
konstruktiv ab-havada keçdi. Hesab edirəm ki, görüşümüzün uğurunun əsasını
böyük hazırlıq işi təşkil edir. Biz, sadəcə, danışmırıq, hər istiqamət üzrə çox
diqqətlə işləyirik, nazirliklərimizin və idarələrimizin nümayəndələri artıq
öyrəşiblər ki, Azərbaycanla nəzərdə tutduqlarımızı mütləq yerinə yetirməliyik.
İlin əvvəlindən hökumətlərarası komissiyanın iclasları, siyasət və təhlükəsizlik
sahələrində məsləhətləşmələr, parlamentarilərin görüşləri, regionların forumu
və bir sıra mədəni və işgüzar tədbirlər keçirilib.
Hörmətli jurnalistlər, biz Özbəkistanda qardaş
Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Bu gün
sizin ölkənizdə iqtisadiyyatın, sənayenin, əhalinin həyat səviyyəsinin dinamik
artımı təmin edilir, böyük sənaye və infrastruktur layihələri həyata keçirilir.
Hörmətli İlham Heydər oğlu, böyük tarixi Qələbə, ölkənin ərazi bütövlüyünün
bərpa olunması və əzəli Azərbaycan torpaqlarının qaytarılması münasibətilə bir
daha səmimi-qəlbdən təbrik edirəm. Qədim Qarabağ torpağı Sizin səylərinizlə
inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat
obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc,
əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Mən özüm
Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu,
tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. Yəni,
demək istəyirəm ki, insanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir.
Qayıdan hər bir insanın, - onlar bu günü illərlə, on illərlə gözləyiblər, - biz
İlham Heydər oğlu ilə onlarla görüşərkən, mən bu sakinlərin gözlərində evlərinə
qayıtmağın sevincini gördüm. Bir daha əmin etmək istəyirəm ki, Özbəkistan
gələcəkdə də bu nəcib işdə Sizi dəstəkləməyə hazırdır. Məhdud tərkibdə görüşdə
razılığa gəldik ki, bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda
əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də
çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu
nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə
deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq.
Daha bir vacib məqam – düz bir həftə sonra, sentyabrın
1-də Azərbaycanda böyük daxili siyasi hadisə – parlament seçkiləri olacaq.
Noyabrda Bakı Qlobal İqlim Sammitinə ev sahibliyi edəcək. Biz onların uğurla
keçirilməsini arzu edirik və qardaşlarımıza hərtərəfli dəstək göstərəcəyik.
Hörmətli jurnalistlər, Azərbaycan bizim mühüm strateji
tərəfdaşımız və bu gündən etibarən artıq həm də müttəfiqimizdir. Bizi ortaq
tarixi köklər, çoxəsrlik dostluq birləşdirir, biz bir dinə və oxşar mədəniyyətə,
ənənələrə malikik. Bütün bunlar hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün
möhkəm zəmindir.
Bu gün çoxtərəfli münasibətlərimizin bütün spektrini
ətraflı müzakirə etdik, əsas istiqamətlər üzrə məruzələri dinlədik. Bu, hər
şeydən əvvəl ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, böyük
imkanlarımızın olduğu kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər
sahələrdir. Siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda
qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər
səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam
etdirməklə bağlı razılığa gəldik. Qarşılıqlı fəaliyyətin artırılmasına xüsusi
diqqət yetiririk. Əmtəə dövriyyəsi həcmlərinin artırılmasının zəruriliyini
vurğuladıq. Bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar
mövcuddur. Obrazlı desək, biz sıfırdan başlamışıq və indi bu səviyyəyə
çatmışıq. Göstəriciləri dəfələrlə artırmaq üçün bütün əsaslar var. Razılığa
gəldik ki, növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan
edək və bununla yanaşı, artıq dediyim kimi, 20 əsas istiqamət üzrə proqram
qəbul olunsun. Danışıqlar əsnasında konkret kooperasiya layihələrinin üzərində
dayandıq. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə
və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz
olacaq. Bu da ilk dəfədir. Birlikdə mühüm layihələrə start verəcəyik – bu,
mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisi, inşaat
materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi, belə layihələrin
həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya
şirkəti fəaliyyət göstərir. Üçüncü ölkələrdə perspektivli layihələrdə iştirakı
nəzərdən keçirmək üzrə razılığa gəldik.
Biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi,
o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam
etdirəcəyik. Regionlararası əlaqələrin potensialından maksimum istifadə
edəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi.
Regionlararası kooperasiya üzrə yol xəritəsini qəbul etmək, növbəti forumun
gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin
yaradılması qərara alındı. Mədəniyyət, gənclər, informasiya siyasəti, elm,
təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik. Hər il
ölkələrimizdə qarşılıqlı mədəniyyət və kino günlərinin, sərgilərin, yaradıcı
kollektivlərin qastrollarının keçirilməsi xoş ənənəyə çevrilib. Belə
tədbirlərin tez-tez bizim əhalinin böyük hissəsinin yaşadığı regionlarda
keçirilməsi çox vacibdir. Bu gün, həmçinin bizim əfsanəvi ulduzlarımız Fərrux
Zakirov və Polad Bülbüloğlunun çıxış edəcəkləri birgə konsert olacaq. Onların
geniş şəkildə tanınması və yüksək qiymətlərinin əlaməti olaraq biz hörmətli
İlham Heydər oğlu ilə bu yaxınlarda onlara Xalq artistləri fəxri adının
verilməsinə dair qərar qəbul etdik.
Ümumiyyətlə demək istəyirəm ki, etimada əsaslanan
danışıqların nəticəsindən çox məmnunam, çünki bu gün də, dünən də bir çox
beynəlxalq, regional, ikitərəfli məsələləri çox ciddi müzakirə etdik. Demək
istəyirəm ki, bizim mövqelərimiz üst-üstə düşür. Bütün məsələlər üzrə razılığa
gəldik. Bizim mövqelərimiz eynilə ondan ibarətdir ki, bütün platformalarda
əməkdaşlıq edəcəyik, qarşılıqlı münasibətlərimizi birlikdə inkişaf etdirəcəyik.
Yekunda biz mühüm, konkret razılaşmalar əldə etdik, qarşılıqlı fəaliyyətin əsas
sahələrində sanballı sazişlər paketi imzaladıq. Bizim bütün təkliflərimizi
dəstəklədiyinə görə hörmətli İlham Heydər oğluna səmimi-qəlbdən təşəkkür etmək istəyirəm.
Əminəm ki, Sizin tarixi səfərinizin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan
əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik
münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.
İndi məmnuniyyətlə sözü İlham Heydər oğluna vermək
istəyirəm.
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident
İlham Əliyevin bəyanatı
-Hörmətli Şavkat Miromonoviç, əziz qardaş, sağ olun. İlk
növbədə, dəvətə görə təşəkkür etmək istəyirəm. Qardaş Özbəkistana yenidən səfər
etmək və qardaş ölkənin sürətli inkişafını bir daha görmək böyük sevincdir.
Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana
dəfələrlə səfər etmişəm. Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının
həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görürəm və buna şadam.
Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə
birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici
investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının
nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik
iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin
beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan
təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik
ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik
siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru
oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman
ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi
nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik
etmək istərdim.
Artıq qeyd etdiyim kimi, mən qardaş ölkədə tez-tez
oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin
səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə
beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə
Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə
etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa
ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar
bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası
çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin
iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa
gəldiklərimizin hamısı yerinə yetirilib. Belə deyək ki, nümayəndə heyətlərinin
üzvlərinə razılaşdırdığımız məsələlərlə bağlı irad tutduğumuz bir bənd də
yoxdur. Bu, əlbəttə, onlarda arxayınlıq yaratmamalıdır, amma hər zaman obyektiv
və ədalətli olmaq lazımdır. Ona görə də biz, əslində, Azərbaycan və Özbəkistan
nümayəndə heyətlərinin kollektivi arasında da eynilə bu cür münasibət görürük.
Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən
müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik
münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək
beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni
fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və
bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün
iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq
oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim
münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif –
regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi
Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və
regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli
əməkdaşlıqdan asılıdır.
Ona görə də bu hadisə ölkələrimizin ictimaiyyəti
tərəfindən çox düzgün qiymətləndirilməlidir fikrinə mən də qoşuluram. Əminəm
ki, onlar bizim danışdığımız məsələləri biləndə, bu səviyyəyə çıxdığımızı
görəndə bu cür sevinc hissləri keçirirlər. Şavkat Miromonoviç deyəndə ki, bütün
bunlar rekord qısa müddətdə edilib, o, tamamilə haqlıdır. Yəni, biz
xalqlarımızın yaxınlaşması üzrə işlərimizi o qədər intensiv həyata keçirdik ki,
bu səviyyəyə çatmaq üçün cəmi bir neçə il lazım oldu.
Şavkat Miromonoviç də artıq bu barədə danışdı, bizim bu
gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək
istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində
yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın
qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal,
istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının
qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk
ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də
azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz
Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin
rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən,
həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun
məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər
tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500
şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird
olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.
Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun.
Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ
idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin
tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır.
Belə münasibətə görə səmimi-qəlbdən minnətdaram.
Bu gün biz, həmçinin iş adamlarından ibarət qrupla görüşəcəyik. Hərçənd biznes-forum artıq işini yekunlaşdırsa da, hələ hazırda yerinə yetirilmə mərhələsində olan konkret layihələr var. Bu səbəbdən biz onları dinləmək və yeni təlimatlar vermək istəyirik. Həmçinin bugünkü diskussiyalar çərçivəsində çoxlu yeni mövzuları, ilk növbədə, əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq.
***
12:57
Avqustun 23-də Daşkənddə sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
tag: Prezident, İlham Əliyev,Şavkat Mirziyoyev ,Özbəkistan, todaypress.az,