Prezident Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - FOTO - YENİLƏNDİ
Xarici siyasət
27.01.2025 13:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Qorazd Rençel, ilk növbədə, COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğulayıb, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd edib.
Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsensusun əldə edilməsinin önəminə toxundu, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladıb və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib. Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edilib.
Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğulayıb. Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunulub, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirilib. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
12:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
tag: Prezident,İlham Əliyev,Sloveniya ,Qorazd Rençel,Səfir ,Todaypress.az,