Prezident Konqo Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
31.10.2024 14:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli
münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini
qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi
sahələrdə isə görüləsi çox işlərin olduğunu dedi.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar,
ilk növbədə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələrimiz
arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı və bunun gələcəkdə
də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Səfir ilk növbədə Konqo Demokratik
Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın
Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara
görə minnətdarlığını bildirdi, onun da salamlarını Konqo dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Səfir Azərbaycan ilə Konqo
arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər
sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
COP29-un Azərbaycanda keçirilməsi
münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının
Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğuladı.
Prezident İlham Əliyev Konqo
Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirdi.
***
11.35
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Konqo, Etimadnamə,todaypress.az,