Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü başladı- YENİLƏNDİ
Xarici siyasət
05.09.2024 21:09
Sentyabrın 5-də Romada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər
Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.
TodayPress xəbər verir ki, Romanın “Chigi” Sarayında
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni
Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər
Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti
İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər
Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya
Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.
Əvvəlcə Prezident İlham Əliyev ilə İtaliya Nazirlər
Şurasının sədri Ciorcia Meloninin təkbətək görüşü olub.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu
səfərinin çox səmərəli olduğunu vurğulayaraq, Prezident İlham Əliyevlə
İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə
dair ətraflı müzakirələr aparıldığını qeyd etdi, iki ölkə arasında yeni
əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirdi. Bu xüsusda,
ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye,
energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni
istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparıldı.
Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya
universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi
xüsusi qeyd olunub.
Enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə
edildi. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa
ölkələrinin enerji təhlükəsizliyində roluna toxunuldu, TAP-ın ötürücülük
qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri Azərbaycanın Ukraynaya
göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirdi və bu xüsusda,
ölkəmizin rolunu qeyd etdi. O, COP29-a dəvətə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğuladı.
İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin
Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu dedi. Bu xüsusda,
İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə
heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20
çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı
qeyd olunub.
Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR
arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edildi,
bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə
fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə
investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin
əhəmiyyəti vurğulandı və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından
istifadə etməsi perspektivləri müzakirə olunub.
İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə
komissiyanın roluna toxunuldu, gələn il komissiyanın iclasının keçirilməsi
razılaşdırıldı.
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədrini
Azərbaycana rəsmi səfərə dəvət etdi. Ciorcia Meloni dəvəti məmnunluqla qəbul edib.
***
17:31
Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.
TodayPress xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olunub.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdiriblər.
tag: Prezident, İlham Əliyev, İtaliya ,Ciorcia Meloni ,Nazirlər Şurası, todaypress.az,