Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi - I HİSSƏ

Xarici siyasət

10.04.2025 05:40

20

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

TodayPress xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.

I Hissə

Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi:

Zati-aliləri cənab Prezident, dəyərli konfrans iştirakçıları. Sizi və bütün iştirakçıları ADA Universitetində qəbul etməkdən məmnunluq duyur və şərəf hissi keçirirəm. Beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbiri yeddinci dəfə keçirməkdən böyük fəxarət hissi duyuruq və bu konfransların hər birinə verdiyi dəstəyə, onlarda iştirak etdiyinə görə Prezident Əliyevə dərindən minnətdarıq. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və qlobal məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir. Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransımızda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğundur.

Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir?

Cənab Prezident, dünən tikinti və yenidənqurma işlərinin bizə böyük təsir bağışladığı Qarabağa və Xankəndiyə səfərimizdən sonra bu gün bu qlobal və regional məsələlərlə bağlı dünyanın ən təcrübəli liderlərindən biri olaraq Sizin fikirlərinizi eşitmək bizim üçün şərəf olardı. İnanırıq ki, Sizin iştirakçılarla apardığınız qarşılıqlı müzakirələr və sonra da davam edən panellər bu regionla bağlı və dünya miqyasında sülh üçün baxışın daha da yaxşı formalaşmasına və çatdırılmasına kömək edəcək. İnanıram ki, qonaqlarımız Azərbaycanın sürətli transformasiyası və inkişafı ilə bağlı Bakını daha çox biliklərlə və müsbət təəssüratlarla tərk edəcəklər. Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirik və çıxışınızı səbirsizliklə gözləyirik. Buyurun, cənab Prezident, söz Sizindir.

Prezident İlham Əliyev: Sabahınız xeyir, xanımlar və cənablar.

Əvvəlcə hamınızı Azərbaycanda salamlamaq və ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyünə görə minnətdarlığımı bildirmək istəyirəm.

Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.

Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor Paşayev qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.

Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.

Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. İndi mən müzakirələrin aparılmasına daha çox vaxtın ayrılması üçün giriş nitqimi yekunlaşdıracağam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.

Bir daha bizimlə birlikdə olduğunuza görə çox sağ olun. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

Prezidentin köməkçisi Hikmət Hacıyev: Təşəkkür edirik, cənab Prezident.

İcazənizlə, müzakirələrimizə başlamaq istərdik və Sizə sual ünvanlamaq üçün kifayət qədər çox iştirakçı yazılıb. Birinci, İsveçdən olan Svante Kornell ilə başlamaq istərdik.

Svante Kornell: Çox sağ olun, cənab Prezident, Sizi yenidən görmək necə də xoşdur. Son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Azərbaycanın, eyni zamanda, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi özünü necə görməsi və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynaya biləcəyi rolu barədə bizə məlumat verə bilərsinizmi? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir.

Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik.

Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük.

Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.

Eyni sözləri biz Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Biz artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Biz bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, bizim hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.

Hikmət Hacıyev: İkinci sual, Stefani Fenkart, Avstriya.

Stefani Fenkart: Bizi qəbul etdiyiniz üçün çox sağ olun, cənab Prezident. Mən Vyanadakı Beynəlxalq Sülh İnstitutunda çalışıram. Mən keçən dəfə də burada idim və Ermənistanla Azərbaycan arasında barışıq, vasitəçilik barədə sual vermişdim. Bu dəfə isə daha uzunmüddətli perspektivə yönəlmiş sual vermək istəyirəm. İstərdim ki, yeni dünya düzəni mövzusunu nəzərə alaraq, Cənubi Qafqaz ölkələri üçün uzunmüddətli baxışınız haqqında bizə məlumat verəsiniz və yəqin Ermənistan ilə Azərbaycan arasında sülhün uzun çəkəcəyini görürsünüz. Bir-biri ilə razılaşma, sülh sazişinə nail olma nöqteyi-nəzərindən bu proses hələ də uzun çəkəcək. Lakin əngəlləri aşmaq olar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bir Avropa dövləti kimi gələcəkdə müharibələrin aparılmasının necə mümkünsüz edilməsinə və sonra da Avropa İttifaqı kimi institusional formanın alınmasına dair baxış kimi bir fikrə malik olmaq vacibdir. Mən Sizə bu yolla irəliləməyi təklif etmirəm. Lakin, Sizin də əvvəl qeyd etdiyiniz kimi mövcud coğrafiyanı nəzərə alaraq, azərbaycanlılar, ermənilər və gürcülərin bəhrələnəcəyi Cənubi Qafqaz üçün uzunmüddətli baxışınız nə olardı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, biz nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir.

Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır.

Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.

Hikmət Hacıyev: Brenda Şaffer, Amerika Birləşmiş Ştatları və İsrail.

Brenda Şaffer: Sabahınız xeyir, Prezident Əliyev.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Brenda Şaffer: Biz 2025-ci ili yaşayırıq, 44 günlük müharibədən demək olar ki, beş il ötüb. Həlak olmuş şəhidləri, xüsusilə ölkəsini müdafiə edən gəncləri və həyatının hər günü mübarizəyə çevrilmiş yaralananları xatırlamaq yerinə düşərdi. Lakin bu həm də Ali Baş Komandandan, Azərbaycanın və onun Ordusunun müharibəyə hazırlaşma prosesinə rəhbərlik etmiş Prezidentdən soruşmaq fürsətidir. Beş ildən sonra hansı qənaətə gəlmisiniz? Deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra çox az sayda müharibənin real sonu olmuşdur. Tərəflər davam edən münaqişəni, sadəcə, süründürürlər. Ermənistan-Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Beləliklə, Siz özünüz üçün hansı nəticələr çıxarmısınız? Ali Baş Komandan olaraq müharibədən beş il sonra urban müharibə, mülki şəxslər arasında itkilərin və mülki infrastruktura dəymiş ziyanın azalması. Biz burada əyləşərkən əfsuslar olsun ki, hələ də davam edən müasir müharibələrdən çıxardığınız nəticələr nədir?

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.

Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, bizim itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər.

Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.

Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər.

Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir.

Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında mən deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. Biz insanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. Biz bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma bizim belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq.

Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.

Hikmət Hacıyev: Daria İsaçenko, Almaniya.

Daria İsaçenko: Hörmətli cənab Prezident, bu imkana görə çox təşəkkür edirəm. Mən Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunda fəaliyyət göstərirəm. Sualım Türkiyə və İsraillə bağlıdır. Azərbaycanın hər iki ölkə ilə yaxşı və yaxın münasibətləri var. Bu iki ölkə arasında hazırkı gərginliyi nəzərə alsaq, bu, Azərbaycana necə təsir göstərir və Azərbaycan Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması istiqamətində hər hansı bir fəaliyyətdə rol oynayırmı? Təşəkkür.

Prezident İlham Əliyev: Bəli, haqlısınız. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub.

İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.

***

12:15

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.


tag: Prezident,İlham Əliyev,ADA,Yeni dünya nizamına doğru,Todaypress.az,

photo
photo
photo