Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.11.2024 17:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə
görüşüb.
TodayPress xəbər verir ki, Yəmən Respublikasının
vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və
yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti
vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə
dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət
başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da
böyük nəticələrin əldə olunduğunu vurğuladı.
Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh
etdiyini dedi.
Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi,
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə
Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, yəmənli tələbələrin hələ
sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin
davam etdirilməsini xahiş etdi.
Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü
bildirdi, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz
olduğunu dedi.
Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan
ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs
ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz
saxladıqlayaraq təhqirlərə məruz qoyduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazilərini
işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.
Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, Azərbaycan
ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulandı, müxtəlif sahələrdə əməkdaşlığın
inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
14.23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə
görüşüb
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Abdulla Al-Alimi, Görüş, todaypress.az,
![photo](/uploads/news/6735d2a7cb89f.jpg)