Prezident İlham Əliyev Vladimir Putin ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
03.07.2024 17:11
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
TodayPress xəbər
verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər
oğlu, Sizi bir daha görməyimə şadam.
Qarşılıqlı fəaliyyətimizin
miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq
üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz
qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə
inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,5 milyarddır və bu,
Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır,
məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey
müsbət inkişaf edir.
İnfrastruktur sahəsindəki
planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum
Şimal-Cənub magistralıdır. Ümidvaram ki, bu barədə də bir neçə kəlmə
danışacağıq. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq
imkanları var. Sizinlə 2022-ci ildə imzaladığımız müqavilə əsasında fəaliyyət
göstəririk. Bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir.
Mən humanitar sahəni
də qeyd edəcəyəm. Məncə, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa
çatıb. Mən Sizin rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə
qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə
və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub
saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır.
Sizi görməyimə çox
şadam.
Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
-Sağ olun Vladimir
Vladimiroviç. Sizinlə yenidən görüşməyimə çox şadam.
Qeyd etdiyiniz kimi,
məsələlər çoxdur. Amma prinsipcə, onları müzakirə etmək üçün biz demək olar ki,
ayda bir dəfə görüşürük. Sonuncu dəfə aprelin ikinci yarısında Moskvaya səfər
etdim. Ondan bir aydan bir qədər sonra yenidən görüşürük. Siz də qeyd etdiyiniz
kimi, bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə,
həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin
iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.
Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar
artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın
Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl
danışdıqlarımız artıq uğurla həyata keçirilir.
Humanitar əməkdaşlıq
həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram
ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə
qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz. Azərbaycanda böyük uğurla keçirilən
Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona
yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur,
800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas
verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə
olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar.
Keçən dəfə Moskvada
“Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər
baş verdi. Bu barədə danışacağıq. Biz Azərbaycan ərazisində dəhlizin
infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o,
tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı
niyyətlərinə uyğun gəlmir.
Həmçinin Siz qeyd
etdiyiniz kimi, energetika sahəsində yeni ideyalar var, bizim müvafiq
strukturlarımız daimi təmasdadır. Bu gün bu barədə də danışacağıq. Həmçinin
başqa istiqamətlər üzrə də.
Qeyd etdiyiniz kimi,
2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və
Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən
artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq.
Bu gün bu barədə daha ətraflı danışacağıq.
Sizinlə görüşmək imkanına görə bir daha təşəkkür edirəm.
X X X
Görüşdə Rusiya
Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə
hazır olduğunu dedi. Bu əsnada müzakirələr aparıldı. Dövlətimizin başçısı Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat
verdi.
Söhbət zamanı nəqliyyat,
gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın
avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın
təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edildi.
***
14.36
Astanada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin ilə görüşü keçirilib.
tag: Prezident, İlham Əliyev, Rusiya, Vladimir Putin, Görüş, todaypress.az,