Prezident İlham Əliyev və Pakistanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər- [[YENİLƏNDİ]]
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
TodayPress xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu
dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün
biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz
arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz,
xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji
əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Həmçinin bu gün əziz
qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri
müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və
baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini
ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik
ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət
dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də
nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi,
Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq
planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri
aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir.
Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.
Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.
Bu gün müzakirə
etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi
sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə
sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən
çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz
müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və
bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox
inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf
etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac
edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız
daha da artacaq.
Müzakirə etdiyimiz
digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin
ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının
artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və
imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya
Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və
daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm
elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq
formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha
proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.
Beləliklə, bu gün biz
güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın
dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir.
Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri
əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin
nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.
Əziz qardaşım,
dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə
bir daha minnətdaram. Mən ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu
edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki
iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və
Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm
nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində
mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin
müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik.
Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq.
Bir daha xoş gəlmisiniz.
X X X
Sonra
Pakistan İslam Respublikasının Baş naziri mətbuata bəyanatla çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin
bəyanatı
-Çox
sağ olun, əziz qardaşım Prezident İlham Əliyev.
Azərbaycan və Pakistan
nümayəndə heyətlərinin hörmətli üzvləri, xanımlar və cənablar.
Əssalamu əleyküm, hər
vaxtınız xeyir.
Əziz qardaşım
Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz
üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər
andan zövq almışıq. Səfərimiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və
faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun
landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada
göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da
abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində
yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox
sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə
rahatlıq verir.
Zati-aliləri, bugünkü
müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş
münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz,
Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə
başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Eynilə,
Zati-aliləri, Sizə deyə bilərəm, şübhəsiz ki, Pakistanda bütün siyasi
partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və
Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən
dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir.
Zati-aliləri, ötən
dəfə Pakistana səfəriniz qardaşlıq münasibətlərimizi yeni səviyyəyə qaldırdı və
bu, səmimi əlaqələri gücləndirdi. Azərbaycanın Pakistanın birgə müəssisələrinə
2 milyard dollar sərmayə yatıracağını nəzərdə tutduğunuzu bəyan edəndə mən Sizə
hədsiz dərəcədə minnətdar oldum. Bunlar qarşılıqlı faydalı investisiyalardır və
hər iki ölkəyə dividendlər gətirir. Mən böyük sevinc hissi ilə qeyd edirəm ki,
hər iki heyət bu məsələ üzərində nəticələr əldə etmək üçün çox ciddi işləyib və
bu gün səhər hər iki tərəfin çoxlu iş gördüyünü və hər iki tərəfə bütün
hazırlıqları yekunlaşdırmaq üçün 1 ay vaxt verildiyini Sizdən eşitməkdən çox
şad oldum. İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul
olunduqdan sonra mən bu 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün
yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm.
Zati-aliləri, bu,
bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq
və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcəkdir. Çünki bizim
dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə
və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliyimiz,
ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks
etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan
sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik. Mən Sizin
səmimiyyətinizə, liderliyinizə, müdrikliyinizə və baxışınıza görə həddindən
artıq minnətdaram. Əziz qardaşım Prezident İlham Əliyev, Sizi əmin etmək
istəyirəm ki, mən etimadınızı doğruldacağam, sizin sürətinizi və üzərinizə
götürdüyünüz öhdəliklərinizi qarşılamağa və hətta ondan da artığını etməyə
çalışacağam.
Zati-aliləri, Pakistan
həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin
baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib
çıxardı. Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin
düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss
etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak
etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı
ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik.
Zati-aliləri, Kəşmir
əhalisinə dəstəyinizə görə Sizə təşəkkür edirəm. Siz hər zaman heç bir siyasi
şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi
dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz
mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk. Ümidvaram ki,
Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim
kollektiv səylərimiz sayəsində bir gün tezliklə həyata keçəcək. Çünki onlar da
insandır və 70 il ərzində öz azadlıqları, öz müqəddəratını təyinetmə hüquqları
uğrunda mübarizə aparmaq üçün özlərini qurban veriblər. Düşünürəm ki, dünya
onların haqq işini və səylərini dəstəkləməli, buna qarşı çıxmamalıdır.
Eyni zamanda,
Zati-aliləri, indi Qəzza əhalisinin daimi atəşkəsə ehtiyacı var və dünya
qəzzalıların və fələstinlilərin haqq işini qəbul edib, ikidövlətli həll
prinsipi əsasında Fələstin dövlətinin yaradılması məsələsində tam yekdillik
var. Düşünürəm ki, bu vaxt, yəni, fasilə zamanı, Qəzzada daimi atəşkəsə
sadiqlik olacaq və zənnimcə, bu ərazidə iki dövlətin mövcudluğu - Fələstin
dövlətinin yaradılması arzusu yaxın gələcəkdə reallaşacaq.
Zati-aliləri, bu gün
burada imzalanmış anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlər
gətirməsi üçün bizim səmimi səylərimizi təşviq edəcək. SOCAR və pakistanlı
həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar.
Ticarət şirkəti yaradılıb və əlbəttə ki, bu gün bir çox başqa əlamətdar anlaşma
memorandumları və sazişlər imzalandı. Mən Sizin müstəsna dəstəyinizə görə
minnətdaram. Sizinlə tamamilə razıyam ki, Pakistan ilə Azərbaycan arasında
strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə
qaldırılmasının vaxtı çatıb. Bizim müdafiə sahəsində birgə istehsal
potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında
Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə
heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar
ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq.
Zati-aliləri, bizim
beynəlxalq infrastruktur dəhlizi layihəmiz zamanın tələbidir və Qvadar limanı
idxal-ixrac üçün təyinat məntəqəsidir. Düşünürəm ki, bu, bütün regiona
transformativ və çox müsbət təsir göstərəcək. Biz Sizin baxışınızı tam
dəstəkləyirik və nümayəndə heyətləri Sizin planınızın həyata keçirilməsi üçün
yollar və imkanlar tapmaq məqsədilə görüşən zaman bu, bir daha gündəlikdə duran
məsələlərdən biri olacaq. Çünki bu, hər kəs üçün uduşlu vəziyyət olacaq.
Zati-aliləri, mən çox
səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək
istərdim. Siz qardaşsınız, biz bir ailə kimiyik. Mən apreldə təkcə Pakistan
xalqının deyil, qardaş ölkə Azərbaycanın bütün guşələrində deyil, bütün dünyanın
izləyəcəyi bu möhtəşəm tədbir və möhtəşəm imzalama mərasimi ilə bağlı Sizin
Pakistana səfərinizi səbirsizliklə gözləyirəm. Bu, bizim nail olmalı və
dərindən düşünməli olduğumuz məsələdir. Təkcə bu regionda deyil, bütün dünyada
sülh, tərəqqi və çiçəklənmə olmalıdır. Bizim dostluğumuz, qardaşlığımız Ərəb
dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə
bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var
olduqca yaşayacaq. Təşəkkür edirəm, Allah Sizi qorusun!
***
12:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
tag: Prezident,İlham Əliyev,Pakistan,Baş nazir,Todaypress.az,
