Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 11:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.
TodayPress xəbər verir ki, dövlətimizin
başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti
qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək
bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi
aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.
Dövlətimizin başçısı bundan əvvəl
beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla
xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi
hadisə kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz
arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə
ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu
deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin
vacibliyini vurğuladı.
Xoş sözlərə və COP29-da iştiraka dəvətə
görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini
qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.
Monqolustan Prezidenti dedi ki, bu
görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.
Qonaq ölkəmizin COP29-a ev sahibliyi
və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.
Uxnaaqiyn Xurelsux da öz növbəsində
Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını
məmnunluqla xatırladı.
Ölkələrimiz arasında 32 ildir
diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini
Monqolustana səfərə dəvət etdi.
Monqolustan Prezidenti dövlətimizin
başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin
təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi
yaxınlığın olduğunu da vurğuladı. O, ölklələrimiz arasında ikitərəfli
hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.
Prezident İlham Əliyev Monqolustana səfərə
dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını
bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində
Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.
Söhbət zamanı
ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq
ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin
təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə
fikir mübadiləsi aparıldı.
Görüşdə hökumətlərarası
komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq
sahələrində əməkdaşlığın perspektviləri müzakirə olundu.
***
10:56
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti
Uxnaaqiyn Xurelsux ilə görüşüb.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Görüş, todaypress.az,