Prezident İlham Əliyev Maksat Mamıtkanovun etimadnaməsini qəbul etdi – YENİLƏNDİ
Xarici siyasət
01.07.2024 14:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Maksat Mamıtkanov
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş
arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirdi, onun da
salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Söhbət zamanı
əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla
qeyd olundu.
Son illərdə ikitərəfli
münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni
mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində
qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu, ənənəvi dostluq və qardaşlıq
əlaqələrimizin möhkəmləndiyini vurğuladı.
Prezident İlham
Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və
digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Dövlətimizin
başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq
prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və
xalqına bir daha minnətdarlığını bildirdi, bunu qardaşlıq əlaqələrimizin
nümayişi kimi dəyərləndirdi.
Prezident İlham
Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün qarşıda böyük planların
durduğunu dedi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini
ifadə etdi.
Dövlətimizin
başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması
üçün qarşılıqlı iradənin olduğunu bildirdi.
Türk Dövlətləri
Təşkilatı çərçivəsində ölkələrimizin əməkdaşlığına toxunan Prezident İlham
Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd etdi.
Söhbət zamanı Türk
Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə
görüşünün əhəmiyyətinə toxunuldu, bu tədbirdə dövlət başçıları arasında
aparılacaq dialoq və müzakirələrin önəmi vurğulandı.
Azərbaycan
Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə
minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərimizin bundan sonra da
möhkəmlənəcəyinə əminliyini vurğuladı, əlaqələrimizin genişləndirilməsi ilə
bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini dedi və bu
istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi.
Ölkələrimiz
arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd etdi
ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə
iqtisadiyyatının inkişafına böyük kömək göstərir.
Əməkdaşlığımızın möhkəmləndirilməsi
üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov dedi ki, dövlət
başçılarımız arasında olan münasibətlər və onların göstərdiyi səylər
əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub.
Qırğızıstan
Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan
səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğuladı.
O,
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxundu, onun
ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd etdi.
Maksat Mamıtkanov
Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu
mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol
oynayacağını dedi.
Diplomat görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan
tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək, Sadır Japarovun
ölkəmizə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin
iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını
məmnunluqla xatırladı.
Azərbaycan
Prezidenti qeyd etdi ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır
və dünyada böyük şöhrətə malikdir.
Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparıldı.
tag: Prezident, İlham Əliyev, Qırğız Respublikası, Səfir,todaypress.az,