Prezident İlham Əliyev Əlcəzairin təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
17.09.2024 13:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini
qəbul etdi.
TodayPress xəbər verir ki,
səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək
siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin
önəmini vurğuladı.
Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən
sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına
çatdırdı. O, qeyd etdi ki, Əlcəzair prezidenti dövlət başçısı
ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin
Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə
İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident
seçkilərində qələbəsi ilə bağlı dövlət başçısının ona təbrik məktubuna görə
minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da
möhkəmləndirmək əzmindədir.
Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da
genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.
Əlcəzair Prezidentinin salamlarına görə
minnətdarlığını bildirən dövlət başçısı, onun da salamlarını Abdelmacid Tebbuna
çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini
çatdırdı.
Dövlət başçısı Əlcəzairə səfərini məmnunluqla
xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş
etdirdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında
beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama
Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi
və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış
etdiyini dedi.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə
təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev ölkələrin suverenliyi, ərazi
bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə
toxundu.
Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu
sədrliyi münasibətilə təbriklərini çatdırdı.
Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini
ziyarət etdiyini xatırladan dövlət başçısı qeyd etdi ki, Əlcəzair xalqına qarşı
törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi
heyrət doğurub.
Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qoşulmama
Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə
üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə
dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan dövlət
başçısı ölkələrimizin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını dedi və
OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə
etdi.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də
təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi
edəcəyinə əminliyini bildirdi.
***
10.46
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq
Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.
tag: Azərbaycan ,Prezident, İlham Əliyev, Zəkiyyə İğıl, Etimadnamə ,Əlcəzair, todaypress.az,