Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü
Xarici siyasət
22.01.2025 20:21
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin
müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə
görüşüb.
Todaypress xəbər verir ki, Andrey Plenkoviç COP29-un
uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin
COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində
qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul
edildiyi vurğulandı.
Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri
ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək
qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.
Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində
oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı,
həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10
Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv
ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa
enerji təchizatçısı kimi qiymətləndirilib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri
məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu
qeyd olundu.
Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə
rəsmi səfərə dəvət etdi.
tag: Prezident, İlham Əliyev, Xorvatiya, Davos, todaypress.az,