Prezident Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
15.01.2025 14:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
TodayPress xəbər
verir ki, Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu
bildirdi. Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq
bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu
qeyd etdi. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası,
Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər
beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğuladı, Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını
dedi. O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə
təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və
etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini
tapdığını bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata
sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində
müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin
bundan sonra da göstəriləcəyini qeyd etdi. Bu xüsusda gənclər, media, nəqliyyat
bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın
inkişafının önəmi vurğulandı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata
sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu
formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata
keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın
aparılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı bu təşkilatın Asiya
regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı
baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırdı.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək
səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan
tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi
ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq bu münasibətlə
təbriklərini çatdırdı.
Dövlət başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı
vaxtın az olmasına baxmayaraq, lazımi tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə
qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini
vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə
önəmli qərarların qəbuluna toxundu.
***
11.56
Azərbaycan
Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
TodayPress xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Asiya, todaypress.az,