Pakistanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi - YENİLƏNDİ
Xarici siyasət
05.08.2024 21:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul etdi.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlət
başçısı səfirlə söhbət etdi.
Pakistana
dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə
heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun
ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı
nümayiş etdirdiyini bir daha vurğuladı.
Dövlət
başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə
edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla
xatırladı. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan
əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində
müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq
istiqamətlərinin müəyyən edildiyini vurğuladı. Dövlətimizin başçısı Pakistana
dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və
imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş
apardığını bildirdi. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini
qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti
qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğuladı.
Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın
Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad
edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini
bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirdi. Dövlətimizin
başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi
siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğuladı.
Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində
uğurlar arzuladı.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir
Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi
salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir
Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi
duyduğunu bildirdi.
Səfir dövlət başçısının Pakistana dövlət səfərini zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğuladı.
***
15:58
Prezident İlham Əliyev avqustun 5-də Avstraliya
İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls
Robert Armiteycin, Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Vinta Somenin və Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Pakistan, Səfir, Etimadnamə, todaypress.az,