Misirli fermer: “Azərbaycan bazarında böyük potensial var”
“Azərbaycan bazarına yüksək keyfiyyətli sitrus və dondurulmuş məhsullar təqdim edirik”.
Misirli fermer, Kənd Təsərrüfatının İnkişafı Naminə “EL HEBA” şirkətinin baş meneceri Mohamed El Batal bunu TodayPress-ə danışarkən deyib.
O, Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
"Azərbaycan şirkətləri ilə əməkdaşlığımızı artırmaq üçün buradayıq. Bir sıra təşkilatlarla birgə əməkdaşlığa başladığımız üçün çox məmnunuq. Hazırda bazara əsasən təzə sitrus meyvələri ixrac edirik. Şirkət yalnız təzə deyil, həm də dondurulmuş meyvə və tərəvəz ixracı ilə məşğuldur. Gələcək zamanda Azərbaycana dondurulmuş meyvə və tərəvəz məhsullarını da ixrac etməyi planlaşdırırıq”.
Azərbaycan bazarına marağın səbəblərini izah edən şirkət meneceri vurğulayıb ki, yerli bazarda yüksək keyfiyyətli məhsullara tələbat çoxdur:
"Azərbaycanla əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq, çünki bu bazarda böyük potensial görürük. Ümumiyyətlə, Azərbaycan bazarı sitrus meyvələri və tərəvəzlər üçün yüksək keyfiyyət tələb edir. Biz Misirdə məhsullarımızı öz bağçalarımızda yetişdiririk. Sitrus, çiyələk və bəzi tərəvəz növləri üçün ayrıca təsərrüfatlarımız mövcuddur. Buna görə də düşünürük ki, Azərbaycana həmin məhsulları ixrac edərək əməkdaşlığımızı genişləndirə bilərik”.
Qeyd edək ki, Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi keçirilir.
Töhfə Səməd
tag: Misirli,Fermer,Mohamed El Batal ,Azərbaycan,Todaypress.az,