Mirzoyan: “Azərbaycan istiqamətində dəmir yolu infrastrukturu işə salınacaq”
Xarici siyasət
18.10.2024 16:15
“Ermənistan regional məsləhətləşmələrə və təmaslara böyük əhəmiyyət verir. Davamlı və səmimi dialoq, insanlar arasında təmasların təşviqi, ticarət-iqtisadi əlaqələrin bərpası, o cümlədən regional təşəbbüs və proqramların inklüzivliyinin təmin edilməsi mövcud ziddiyyətlərin aradan qaldırılması, ölkələrimiz arasında daha yaxşı əməkdaşlığa, inkişafa və firavanlığa nail olmaq üçün mühüm ilkin şərtlərdir”.
TodayPress xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “3+3” platformasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi inanır ki, bu məqsədlərə nail olmaq üçün bütün regional aktorların məsuliyyətli yanaşmaları və konstruktiv səyləri regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə verəcək.
“Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə birlikdə dərhal Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək.
Bunu nəzərə alaraq, hamınızın bildiyi kimi, biz Azərbaycan istiqamətində dəmir yolu infrastrukturumuzu yenidən işə salmağı, sərhəd-keçid və gömrük prosedurlarını sadələşdirməyi, hər iki ölkənin suverenliyinə və hüquqlarına tam hörmətlə yanaşaraq bəzi əlavə təhlükəsizlik mexanizmlərini təqdim etməyi təklif etdik”.
Töhfə Səməd
tag: Mirzoyan, Azərbaycan, Türkiyə, Qars, Ermənistan, todaypress.az,