Lü Tzyançaon: "Çin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı proqramı dəstəkləyir"

Xarici siyasət

02.04.2025 17:16

2242

“Bu ilin əvvəlindən başlayaraq beynəlxalq müstəvi çox böyük sarsıntılara məruz qalıb”. 

TodayPress xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaon bunu "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, son dövrlərdə Avrasiya qitəsində çağırışlar yaranıb. Çin və Azərbaycan isə Avrasiya məkanında önəmli dövlətlərdir. İki ölkə arasındakı əməkdaşlıq qeyri-sabit mühitə inam gətirib. 

“Bu ölkələr arasında kommunikasiya xətlərini də xüsusi qeyd etmək lazımdır. Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Abşeron regionundan keçən İpək yolu burada ən böyük nümunələrdir.  Çin və Azərbaycan birlikdə Şanxay ruhunu təmsil edir. Biz dünyaya sülh və işıq gətirmək üçün həmrəylik və inkişafı təşviq edirik". 

O, diqqətə çatdırıb ki, Çin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2030-cu ili əhatə edən proqramını dəstəkləyir:

"Biz kənardan müdaxilələrə qarşı birgə çıxış edirik. Hələ 12-ci əsrdə Nizami Gəncəvi də öz əsərlərində gözəl və ağıllı Çin xanımlarını təsvir edib. Bundan başqa Azərbaycan xalça sənəti Çində təqdim edilib. İki xalq arasında da çox dərin və isti münasibətlər var".

Töhfə Səməd

tag: Çin,Kommunist Partiyası ,Tədbir,Lü Tzyançao,Todaypress.az,