İlham Əliyevin Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB
Xarici siyasət
08.06.2024 12:25
İyunun
8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb
Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü
keçirilib.
TodayPress
xəbər verir ki, görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin
səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı yüksək qiymətləndirildi, bu xüsusda Qoşulmama Hərəkatında və İslam
Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulandı. Misirin COP27-yə, Azərbaycanın isə
COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq
və təcrübə mübadiləsinin aparılması qeyd olundu.
BMT-nin
Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin
bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu
sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı.
Söhbət
zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və
digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası
komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın
biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq
imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu.
Həmçinin
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin
Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə
iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.
Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir
mübadiləsi aparıldı.
Görüşdə
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir
tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana
qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası
istiqamətində aparılan işlər təqdir olundu.
Misir
şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq
işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı.
tag: İlham Əliyev, Əs-Sisi, Qahirə, Prezident, Misir, todaypress.az,