İlham Əliyevin Çernobbio Forumunda səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzindədir

Xarici siyasət

06.09.2024 21:49

Dünya mediası Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

 

TodayPress xəbər verir ki, “Reuters”, “Bloomberg”, “Financial Post”, “The Straits Time”, “World Energy News”, “Aol”, “WTVB”, “XM”, “US News” və “WTAQ” kimi media agentliklərinin yaydığı materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi marşrutu boyu mövcud əlavələr və interkonnektorlar sayəsində geniş Avropa və Asiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan hazırda azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparır.

 

Materiallarda Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, tranzit dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək.

Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq.

İtaliyanın RAI, ANSA, “Borsa Italiana” və digər mətbu orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycan və İtaliyanın uzun illər ərzində strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd etdiyi bildirilir. Vurğulanır ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

 

Yazılarda dövlətimizin başçısının enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu bildirdiyi qeyd edilir. Vurğulanıb ki, Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

 


tag: İlham Əliyev, Prezident, KİV,