İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB
Xarici siyasət
06.06.2024 10:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin
sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu,
Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi
Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri
Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta
Matraini qəbul edib.
TodayPress xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
- İlk növbədə, xoş gəlmisiniz. Sizin hamınızı səmimiyyətlə
salamlayıram. Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək.
Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm
ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində
ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici
siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi,
Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.
Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda
bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.
Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir.
Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər
birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən
hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki
həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə
görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox
şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz
bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas
mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat
əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx
bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların
artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına
üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə
Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə
bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində
duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29
konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də
böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə
bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük
rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə
quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti,
Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər
etmişdir. Yəni, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna
daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu
hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü
və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə
başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin
təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda
qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə
bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir. Bu
fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək
istəyirəm.
Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə
bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin
icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər
bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7
tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti
Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də
sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.
Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə
görürük. Təbii ki, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin
bir-birinə nə qədər bağlı olmasından xəbər verir.
Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq
4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi
mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin
sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır
və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə
çevriləcəkdir.
Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın
bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər
bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən
yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası
böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat
yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin
müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu
potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz
bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru
atılan növbəti addım olur.
Bir daha sizi salamlayıram, xoş gəlmisiniz. Sizə
xoş səfər arzulayıram.
tag: Prezident, İlham Əliyev, TÜRKPA,Nümayəndə, todaypress.az,