İlham Əliyev TDT-nin Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə çıxış etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
06.11.2024 12:24
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri
Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün
Prezident Administrasiyasına gəldi.
TodayPress xəbər verir ki, Qırğız
Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət
və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Türk Dövlətləri Təşkilatı
Dövlət Başçıları Şurasının iclası başladı.
Azərbaycan Prezidenti İlham Əliyev
iclasda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli dövlət və hökumət
başçıları.
İlk növbədə, qonaqpərvərliyə və tədbirin
yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır
Nurqojoyeviç Japarova təşəkkür edirəm.
Bu, mənim son iki ildə Qırğız
Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi
ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə
qardaş Qırğızıstanı təbrik edirəm.
Həmçinin Türk Dövlətləri Təşkilatına
uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm.
Bu il Türk Dövlətləri Təşkilatının
əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində
uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın
daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının
möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Türk Dövlətləri Təşkilatının
mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli
deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə
2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi
təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Hazırda dünyada artan təhlükələri
nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız
böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik
orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.
Ölkələrimizin silahlı qüvvələrinin
iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş
ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi
ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə
Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi
üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər
ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması
və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu
layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir
edəcək.
Ötən ilin sentyabr ayında Azərbaycan
öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə
9 şəhərmizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə
indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni
zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər
öz doğma yurdlarına geri dönürlər.
Fürsətdən istifadə edərək Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad
olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə,
eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Azərbaycan yaxın günlərdə COP29
iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə
Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin
ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.
Əminəm ki, Türk Dövlətləri Təşkilatına
üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm.
***
11.23
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri
Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün
Prezident Administrasiyasına gəldi.
TodayPress xəbər verir ki, Qırğız
Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət
və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Türk Dövlətləri Təşkilatı
Dövlət Başçıları Şurasının iclası başladı.
tag: Prezident, İlham Əliyev,Qırğızıstan, Sadır Japarov, todaypress.az,