İlham Əliyev Tatarıstan Respublikasının Rəisi ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
23.10.2024 16:24
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
TodayPress xəbər verir ki, dövlətimizin başçısını
salamlayan Rüstəm Minnixanov dedi:
-İlham Heydər oğlu, fürsətdən istifadə edərək
Rusiya-Azərbaycan münasibətləri çərçivəsində respublikamıza göstərdiyiniz diqqətə
görə Sizə təşəkkür etmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk və əlbəttə
ki, bizim Prezidentin belə bir dövlət səfərini həyata keçirdiyinə görə fəxr
edirik. Həmin səfəri çox yaxşı işıqlandırdılar. Bu yaxınlarda Siz bizim rəhbəri
təbrik etdiniz, çoxlu işgüzar məsələ var idi. BRICS-i bizə etibar ediblər. Vaxt
tapıb gəlməyiniz və iştirak etməyiniz bizim üçün böyük şərəfdir. İcazə versəniz,
həmkarlarımızla gördüyümüz işlərlə bağlı bəzi məsələləri məruzə etmək istərdim.
Prezident İlham Əliyev dedi:
-Rüstəm Nurqaliyeviç, sağ olun. Bir daha qardaş
torpaqda olmağıma şadam. İlk növbədə, Sizi və Tatarıstan Respublikasının bütün
sakinlərini BRICS sammitinin, həmçinin BRICS+ tədbirinin keçirilməsi münasibətilə
təbrik etmək istərdim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya, şəxsən
Sizə, Tatarıstan vətəndaşlarına xüsusi münasibətinin təzahürüdür, həmçinin
Tatarıstanın Sizin rəhbərliyinizlə nail olduğu potensialın göstəricisidir.
Çünki belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət
başçılarının ikitərəfli görüşlərinin təşkili üçün resursların, infrastrukturun,
o cümlədən mehmanxana şəbəkəsinin olmasını tələb edir. Ona görə də əvvəlcədən səmimi
təbriklərimi çatdırıram. Əminəm ki, sammit ən yüksək səviyyədə keçiriləcək.
Əlbəttə, Tatarıstan ilə Azərbaycan arasında münasibətlər
Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib
hissəsidir. Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu
ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük.
Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan
ikitərəfli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim
yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər. Zənnimcə, yaxın vaxtlarda
yaxşı nəticələrin şahidi olacağıq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi
çatdırmaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək
istəyirəm.
Rəis Rüstəm Minnixanov: Sağ olun. Biz həm işgüzar, həm
də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri qiymətləndirdik
və onlara heyran olduq. Mən hələ Bakını demirəm. Bakı bizim üçün işləri necə təşkil
etmək, təcrübə toplamaq baxımından özlüyündə bir örnəkdir. Bizim artıq ziyarət
etdiyimiz turistik dağ-xizək mərkəzi isə, əlbəttə, hamımızı valeh etdi. Bunun
üçün Sizə çox sağ olun deyirik.
Prezident İlham Əliyev: Gələ bilərsiniz. Elə mövsüm də
yenicə başlayır, gəlin. Yeri gəlmişkən, artıq ilk qar yağıb.
Rəis Rüstəm Minnixanov: Biz Sizin pərəstişkarınızıq.
Prezident İlham Əliyev: Sağ olun. Belə bir sürpriz
haqqında təyyarədə öyrəndim. Sağ olun.
Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət
mükafatı ilə təltif olunması haqqında Fərman oxundu: “Tatarıstan Respublikası Rəisinin
Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın
inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə
töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.
Rəis Rüstəm Minnixanov: Bu, “Sollers” şirkətidir.
Prezident İlham Əliyev: Bilirik.
Rəis Rüstəm Minnixanov: Həmin avtomobillərdən ən yaxşı
yerlərdə istifadə etmək üçün xahiş etmişdik.
Prezident İlham Əliyev: Çox sağ olun, Rüstəm
Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən
də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarıstan
Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan
xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə
Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda,
həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak
edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz hədiyyələri elə Sizin olduğunuz həmin
bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu
mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm.
***
13.05
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi
Rüstəm Minnixanov ilə görüşü olub.
tag: Prezident, İlham Əliyev, Tatarıstan, Rüstəm Minnixanov , Görüş, todaypress.az,