İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNDİ/ FOTO
Xarici siyasət
10.12.2024 20:00
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan
vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin
qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin
əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq
bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını
bildirdi. Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq
əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti
arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham
Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin
başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları,
eyni zamanda, keçmiş məcburi köçkünlərin oraya tezliklə köçürülməsinin təmin
edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri
ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi
ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və
Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlətimizin
başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında
yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial infrastrukturun yaradılmasına
verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox
mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə
Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf
etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan
vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham
Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin
inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm
də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin
başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də
əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə
minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin
qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və
orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan
yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin
Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin
həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor
Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Azərbaycan Respublikasının Prezidenti,İlham Əliyev,Rusiya Federasiyası,İqor Babuşkin,todaypress.az,