İlham Əliyev Ruanda Prezidenti ilə görüşdü - YENİLƏNDİ- FOTO
Xarici siyasət
13.11.2024 22:40
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol
Kaqame ilə görüşüb.
TodayPress xəbər
verir ki, COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və
qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd etdi ki,
dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində
çıxışı çox dolğun və məzmunlu idi.
Prezident İlham
Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə
minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti dedi ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda
Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq
məsələlərini qeyd etdi.
Dövlətimizin
başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə
yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin
ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı
məlumat bazasının hazırlanacağını da bildirdi, Azərbaycanın praktiki baxımdan
faydalı əməkdaşlığı daim dəstəklədiyini dedi.
Görüşdə
Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olundu.
Ruanda
Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını
qeyd etdi. Bu təcrübənin Ruandada da tətbiq olunması istiqamətində birgə
əməkdaşlıq məsələləri müzakirə olundu.
ASAN və DOST
xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən
xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət
qarşılandığını bildirdi.
Görüşdə
iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası
təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olundu, birgə işçi
qrupunun yaradılması razılaşdırıldı.
Ruanda
Prezidenti qeyd etdi ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək
niyyətindədir.
Pol Kaqame
Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı
da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.
***
16:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
tag: Ruanda, Prezident, İlham Əliyev,Görüş, Pol Kaqame, todaypress.az,