İlham Əliyev Nepal Prezidenti ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
14.11.2024 15:33
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə
görüşüb.
TodayPress xəbər verir ki, Nepal
Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə
keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti
ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki,
COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında
dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda,
həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza
toxundu.
Nepal Prezidenti Azərbaycanda
şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi. O, ölkəsinin
uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək
xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və
hidroenergetika sahələrinin önəminə toxundu.
Ramçandra Paudel bildirdi ki,
Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları
ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin
ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin
inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Azərbaycan Prezidenti
iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.
Söhbət zamanı BMT və bir sıra
digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər
nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi
dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi
aparıldı.
Nepal Prezidenti dövlətimizin
başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə
görə minnətdarlığını bildirdi.
Nepal Prezidenti dövlətimizin
başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
14.21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Nepal,Ramçandra Paudel, todaypress.az,