İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.11.2024 13:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
TodayPress xəbər verir ki, Yakov Milatoviç COP29-un
yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O
vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti
COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və
bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini
qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil
etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz COP-a sədrliyə
başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib.
Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir.
Amma reallıq belə deyil. Dövlətimizin başçısı dedi ki, bəzi dairələr Azərbaycanın
uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü
illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırlatdı.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı
bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki,
ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək
Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır
yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq
ifadə olundu, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı
fikir mübadiləsi aparıldı.
Monteneqro Prezidenti dövlətimizin başçısını ölkəsinə,
Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə
dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
***
10.06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Prezidentin Mətbuat
Xidməti məlumat yayıb.
tag: Prezident,Monteneqro, İlham Əliyev,Yakov Milatoviç, todaypress.az,
![photo](/uploads/news/6735bd4606dfb.jpg)