İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
22.10.2024 11:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul etdi.
TodayPress xəbər verir ki, COP29-un ölkəmizdə
keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir
olduğunu vurğuladı.
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də
mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə
toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, COP29-a hazırlıq
işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə
bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək
səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un
Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək
bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm
daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda
yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və
artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirdi.
Dövlətimizin başçısı ölkəmizdə
nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və
bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.
Görüşdə ölkəmizlə “MAN
Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı
müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin Azərbaycanda fəaliyyətinə
dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın
ölkəmizdə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi
potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə
yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün
vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə
edildi.
***
11:00
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru
Aleksandr Vlaskampı qəbul edib.
tag: Prezident, İlham Əliyev,MAN Truck&Bus,Aleksandr Vlaskamp, Görüş, todaypress.az,