İlham Əliyev Litva səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
10.01.2025 17:17
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini
qəbul edib.
TodayPress xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə
söhbət etdi.
Dövlət başçısı 2022-ci ildə
Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini,
ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki
dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı,
bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd etdi.
Səfirə Azərbaycanda fəaliyyətində
uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi
dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün
yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını
bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas
Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına
çatdırdı.
Dövlət başçısı salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş
etdi.
Səfir qeyd etdi ki, Litva
Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini
vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu
deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis
Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını
xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrimizin tarixində ölkələrimizin
və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini
qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın
XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə
böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman
hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi
humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda
davamlı sülhü və inkişafı dəstəklədiyini vurğuladı.
Bu il ölkələrimiz arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis
Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş
etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirdi.
Söhbət zamanı iqtisadiyyat, kənd
təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə
edildi.
***
15.20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Prezidentin Mətbuat
Xidməti məlumat yayıb.
tag: İlham Əliyev , Prezident , Səlahiyyət,Litva, todaypress.az,