İlham Əliyev El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
03.12.2024 14:00
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir
ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev
səfirlə söhbət etdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın
qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun
Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu
bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı
imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Səfir, ilk növbədə,
COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə
təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik etdi. O
vurğuladı ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər,
Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş
nümayəndə heyətinə dərin təəssürat bağışlayıb.
Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin
yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif
istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur,
nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının
müəyyən edilməsinin önəminə toxundu.
Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar
qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində
maraqlı olduqlarını bildirdi.
Dövlətimizin başçısı əlaqələrimizin irəli aparılması üçün,
ilk növbədə, adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox
məlumatlanmalarının vacibliyinə toxundu.
Söhbət zamanı Azərbaycanla El-Salvador arasında
iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük
perspektivlərin olduğu qeyd edildi.
***
11.02
Prezident İlham
Əliyev dekabrın 3-də El-Salvador Respublikasının Azərbaycanda yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini
qəbul edib.
TodayPress xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: İlham Əliyev,Prezident,El-Salvador, Enrike Haime Kaldero, todaypress.az,