İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 14:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
TodayPress xəbər verir ki, Prezident
İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin
şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi,
onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.
Dövlətimizin başçısı xüsusi olaraq
vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı
ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndləri də orada iştirak
ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad
edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.
Dövlətimizin başçısı Misirə səfəri
zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə
görüşünü məmnunluqla xatırlayaraq, həmin görüş zamanı bir sıra önəmli məsələlələrin
müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin
aparıldığını vurğuladı.
İlk növbədə, COP29-da iştiraka dəvətə
görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir
olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər
pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Qonaq dedi ki, Misirə səfəri zamanı
dövlətimizin başçısı ilə görüşündən böyük şərəf hissi duyub.
Böyük imam Əhməd Məhəmməd Əhməd Əl
Tayyib işğal edilmiş torpaqlarımızın geri qaytarılması münasibətilə təbriklərini
çatdıraraq dedi: “Siz həqiqətən Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə
böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız
hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına
uyğundur”.
Əl-Əzhəri Şərifin şeyxi region ölkələri
ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək,
gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə
dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd etdi. Sünni-şiə dialoqunda
Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd
Əhməd Əl Tayyib ölkəmizin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında
münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla
qeyd etdi.
Xoş sözlərə və Qarabağın işğaldan
azad edilməsi ilə bağlı təbrikinə görə təşəkkürünü bildirən dövlətimizin
başçısı 30 il işğala məruz qalmağımıza baxmayaraq, ölkəmizin sülh müqaviləsi təşəbbüsü
ilə çıxış etdiyini dedi.
Prezident İlham Əliyev bildirdi ki,
Azərbaycanda yaşayan müsəlmanlar Heydər Əliyev məscidində vəhdət və həmrəylik
namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini
deyən dövlətimizin başçısı Azərbaycanın İslam dünyasının daha da birləşməsi
üçün çalışdığını vurğuladı və İslam dünyasında bölücülük cəhdlərinin
mövcudluğunu təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin
ölkəmizdə rahat yaşadıqlarını dedi.
Dövlətimizin başçısı Azərbaycan nümayəndə
heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirdi.
***
13:13
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi,
böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
tag: Prezident, İlham Əliyev,Əhməd Məhəmməd Əhməd Əl Tayyib,Əl-Əzhəri, todaypress.az,