İlham Əliyev Dövlət Başçılarının görüşündə çıxış etdi - YENİLƏNDİ
Xarici siyasət
09.08.2024 14:02
Avqustun
9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı
Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının
görüşündə iştirak edib.
TodayPress
xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Hörmətli
Kasım-Jomart Kemeleviç.
Hörmətli
dövlət başçıları.
Əziz
dostlar.
İlk
növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində
iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.
Ötən
il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə
keçirilən Sammitdə iştirak etmişəm.
Azərbaycanın
bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq
münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Bu,
son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı
ümumilikdə 15 dəfə ziyarət ediblər.
Azərbaycan
və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni
coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər
birləşdirir.
Ermənistanın
işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin
təzahürlərindən biridir.
Ermənistan
tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə
yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda
genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma
yurdlarına qayıdışı davam edir.
Ötən
il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin,
bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta
məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan,
Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.
Dünyada
artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində
əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay
Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq
əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin
Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan
müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Azərbaycan
bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda
maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın
enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji
sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qarşılıqlı
fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5
milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük
qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində
görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin
sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin
həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Qazaxıstan,
Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata
keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan
birgə investisiya fondları yaradılıb.
Həyata
keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və
rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.
Azərbaycan
və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq
edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün
Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda
keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın
praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən
Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan
prezidentlərinə bir daha təşəkkür edirəm.
Azərbaycan
beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29
iqlim konfransına ev sahibliyi edəcəkdir.
Azərbaycan
COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin
həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Mən
artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm
və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.
Diqqətinizə
görə təşəkkür edirəm.
***
12.20
Prezident
İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət
Başçılarının görüşündə iştirak edir.
TodayPress
xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının
Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşündə iştirak edir.
tag: Prezident, İlham Əliyev,Astana,Mərkəzi Asiya,Azərbaycan, todaypress.az,