İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşdü
Xarici siyasət
13.11.2024 21:45
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin
müavini Din Süesən ilə görüşüb.
TodayPress xəbər
verir ki, Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını
dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi
ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi.
COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən
Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir
ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək
təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş
tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa
müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.
Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.
Söhbət zamanı
COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu
şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində
hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik
nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə
olunduğu diqqətə çatdırıldı.
Ölkələrimizin
çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.
“Bir kəmər, bir
yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni
dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi
qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının
potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar
yaratdığı bildirildi.
Çinlə
Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksəksəviyyəli
qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
tag: Çin, Baş Nazir, Azərbaycan,Prezident, İlham Əliyev, COP29,