İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
03.07.2024 22:14
Astanada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si
Cinpin ilə görüşü keçirilib.
TodayPress xəbər verir
ki, görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dedi:
-İnanıram ki, cənab
Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif
istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə
və qarşılıqlı etimada əsaslanır.
Ölkələrimiz yaxşı dostlardır,
bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan
münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq
səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə
Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir.
Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.
x x x
Azərbaycan Prezidenti İlham
Əliyev görüşdə çıxış edərək dedi:
-Hörmətli cənab Sədr.
Yenidən görüşməyimizə çox
şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul
ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji
tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək
məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli
əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.
Şadam ki, Sizinlə görüşlərimiz
müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin
inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi,
ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi
bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi
vurğulamaq istərdim.
Eyni zamanda, ölkələrimizin
nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal
diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar
əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.
Ölkələrimiz arasında əmtəə
dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım
potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb,
bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz
Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.
COVID-19 epidemiyası zamanı
göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim
Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə
insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu
sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz
sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.
Qeyd etmək istərdim ki,
investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son
hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı –
Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək
istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə
istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz
arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.
x x x
Si Cinpin İlham Əliyevi
Prezident seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə
görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın
daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Tayvanda keçirilmiş
seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi,
Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi
qeyd olundu.
Si Cinpin Azərbaycanın daim
“Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Ekstremizmə və
separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi
qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın
multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini
vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq
prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili
işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.
Şanxay Əməkdaşlıq Təşkilatında
Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı,
gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi
bildirildi.
Si Cinpin Azərbaycan
Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə
toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət etdi.
Prezident İlham Əliyev dəvəti
məmnunluqla qəbul etdi.
Azərbaycan Prezidenti də Çin
Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.
Azərbaycanın “Bir kəmər, bir
yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu
vurğulandı, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın
investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı
uğurları qeyd edildi. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının
yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması
vurğulandı.
Orta Dəhliz çərçivəsində Azərbaycan
ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun
Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən
də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi
ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı İqtisadiyyat
Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin “BYD” şirkəti
arasında imzalanan və ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin
edilməsini nəzərdə tutan Çərçivə Sazişinin önəmi bildirildi.
Görüşdə ölkələrimizin şəhərləri
arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif
şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulandı.
Azərbaycan ilə Çin arasında
humanitar, mədəni əlaqələr qeyd edildi, Heydər Əliyev Fondunun xətti ilə həyata
keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırıldı.
Turizm sahəsində əməkdaşlığın
genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın
birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması
qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan
verəcəyinə ümidvarlıq ifadə olundu. Si Cinpin dedi ki, Çin tərəfi də Azərbaycan
vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən
keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.
Çin Xalq Respublikasının Sədri
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin
də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını dedi. COP29 çərçivəsində
nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olundu.
Si Cinpin Azərbaycanın
Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın
və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını dedi.
Prezident İlham Əliyev ölkəmizin
ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına
yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı
qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin
Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin
arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
x x x
Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.
***
17:08
Astanada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si
Cinpin ilə görüşü keçirilib.
tag: Prezident, İlham Əliyev, Çin, Si Cinpin, Sədr, Görüş, todaypress.az,