İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 13:33
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
TodayPress xəbər verir ki, ölkələrimiz
arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan
Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və
Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da
davam etdirmək əzmində olduğunu dedi.
Qonaq qeyd etdi ki, son dövrlərdə
nümayəndə heyətlərinin səfərləri intensivləşib.
Denis Beçiroviç Azərbaycana
parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də
bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.
O, spiker olduğu dövrdə Bosniya və
Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında
dostluğun nümayişi olduğunu dedi.
Hazırkı dövrdə Azərbaycan ilə
Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin
zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin
Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək
istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin
iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək
marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın
infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin
olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın
mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli
hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını
bildirdi.
Prezident İlham Əliyev dəvəti qəbul
edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.
Bosniya və Herseqovinanın bizim
üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan
dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik,
qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.
Bosniya və Herseqovinaya səfərini
və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin
səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam
etdirilməsi işinə xidmət etdiyini vurğuladı.
Dövlətimizin başçısı
torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha
minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul
etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.
Prezident İlham Əliyev beynəlxalq
təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi
əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə
Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin
başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini,
sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.
Söhbət zamanı Cənubi Qafqaz və
Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi
aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri
müzakirə olundu.
***
11.53
Azərbaycan Prezidenti İlham Əliyev
noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis
Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Azərbaycan, Prezident, İlham Əliyev,Denis Beçiroviç ,Jelka Tsviyanoviç, todaypress.az,
![photo](/uploads/news/6731d1a25fa1b.jpg)