İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşdü
Xarici siyasət
13.11.2024 20:59
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF)
sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
TodayPress xəbər verir ki,
Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya
minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə etdi, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğuladı.
Beynəlxalq
Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən
dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf
etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını
dedi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurla başa çatacağına əminliyini bildirdi.
Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə potensialın olduğunu qeyd etdi və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət etdi.
Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirdi, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını dedi.
Söhbət zamanı
ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, qarşılıqlı
maraq doğuran məsələlər müzakirə olundu.
tag: İlham Əliyev, Prezident, Valyuta, Fondu, BVF, Kristalina, todaypress.az,