İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
27.06.2024 13:27
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının
prezidenti Masatsuqu Asakavanı qəbul edib.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısı Asiya İnkişaf Bankının prezidentinin
regionlarımıza səfər etməsini ölkəmizdə gedən inkişaf prosesləri haqqında daha
çox məlumatın əldə olunması və Azərbaycanın bu Bankla sıx əməkdaşlıq əlaqələrinin
davam etdirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Prezident İlham
Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün
önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını
bildirdi.
Dövlətimizin başçısı
xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə
institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə
Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan
Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkəmiz
Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə
hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.
Prezident İlham
Əliyev vurğuladı ki, ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər
regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar qarşımızda yeni
məqsədlər və çağırışlar durur. Dövlətimizin başçısı bu baxımdan Asiya İnkişaf
Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni istiqamətlərin
müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Xoş sözlərə görə
minnətdarlığını bildirən Masatsuqu Asakava Azərbaycanla Asiya İnkişaf Bankı
arasında tərəfdaşlığın 25-ci ildönümündə dövlətimizin başçısı ilə şəxsən görüşməkdən
məmnunluğunu ifadə etdi.
Qonaq 2020-ci ildə
COVID-19 pandemiyası dövründə videokonfrans formatında görüşü də məmnunluqla
xatırladı.
O, dövlətimizin
başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək gələcəkdə
də Azərbaycanın qarşısında duran strateji prioritetlərin reallaşması istiqamətində
Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını
bildirdi.
Söhbət zamanı yaşıl
enerjinin istehsalı və ixracı məsələlərinə toxunuldu.
Dövlətimizin başçısı
Azərbaycanda yaşıl enerji zonalarının yaradılması, o cümlədən işğaldan azad
olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinin əhəmiyyətini qeyd
etdi, həmin ərazilərimizdə artıq 270 meqavata qədər hidroenerji potensialının
yaradıldığını bildirdi və bunun 500 meqavata qədər artırılması imkanlarının
müzakirə edildiyini dedi.
Söhbət zamanı
Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə toxunuldu, Mərkəzi
Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da
genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.b.
tag: İlham Əliyev, Prezident, Bank, Asiya, Masatsuqu Asakavan, todaypress.az,