İlham Əliyev ABŞ prezidenti Cozef Baydeni təbrik etdi
Xarici siyasət
04.07.2024 11:21
Prezident İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib.
TodayPress xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və
Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə
xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli
istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində
hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli
birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın
enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli
dəstəyini yüksək qiymətləndiririk.
Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq
doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid
məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm.
ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi
iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir.
Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası
dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində
maraqlıyıq.
Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan,
hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz
regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan Ermənistan
ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı
olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş
etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı
sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər
zaman dəstək vermək əzmini təqdir edirik.
Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin
şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd
təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın
inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə
ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin
maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi
yolunda birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
tag: Azərbaycan, Ermənistan, ABŞ,Amerika, Prezident, todaypress.az,