Fransanın mədəni assimilasiya siyasəti qınanıldı - FOTO

Xarici siyasət

25.10.2024 15:40

Oktyabrın 25-də Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”-ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. 

Görüşün əsas məqsədi Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını diqqətə çatdırmaq olub. 

Konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov, “UPLG”nin baş katibinin müavini Alie MERIL, “Martinika Ədalət Kollectivi”nin (Kollectif Jistiss Matinik) idarə heyətinin üzvü M. Arnaud İngargiola Maurice, “Maore Komitəsi”nin üzvü Abubacar Mattoir çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar. 

Abbas Abbasov BMT-nin Cenevrə ofisində təşkilatın İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyasında müzakirə edilən məsələləri diqqətə çatdırıb. O, bildirib ki, BTQ görüşdə bəyanat səsləndirib. Bəyanatda A.Abbasov Yeni Kaledoniyada Fransa tərəfindən keçirilmiş qeyri-qanuni referendumu qınayıb, Fransanın burada zorla seçki məcəlləsinə konstitusional dəyişiklik etmək istəyini pisləyib. Kanak xalqının etirazına səbəb olmuş Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada 10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın insanın yaralandığını vurğulayıb. 

“Fransanın mədəni assimilasiya siyasəti yerli mədəniyyətlərə mənfi təsir edir. Bunun fonunda təhsil sistemində fransız dili üstün tutulduğundan yerli dillərin qorunması ilə bağlı təhlükələr mövcuddur” deyə BTQ nümayəndəsi bildirib. 

M. Arnaud İngargiola Maurice isə su problemindən söz açıb: 

“Su məsələsi bizdə qalıcı və həllini tapmayan problemdir. Hətta 20-ci əsirdə bizdə elə vəziyyət yaranmışdı ki, yağış sularından istifadə edirdik. Lakin sonra biz fərqinə vardıq ki, onlar da çirklidir və əkin sahələri üçün yararlı deyil. Xloridokon maddəsi var ki, Fransa hökuməti tərəfindən bizim sularımıza qatılmışdı. Bizi zəhərləyirdilər. 80-ci illərin sonunda həmin maddənin istifadəsi qadağan olunub. Lakin Paris bizə qarşı hələ də istifadə etməyə davam edir. Əkin sahələrimiz zəhərlənir, banan istehsalından əldə etdiyimiz gəlirlər aşağı düşüb”. 

Adanın 2018-ci ildən bəri blokadaya alındığını diqqətə çatdıran Abubakar Matuar, infrastruktur və su problemi ilə qarşı-qarşıya olduqlarını bildirib. O bildirib ki, Fransa adada cinayətlərin artdığını bəhanə gətirərək hər tərəfi blokadaya alıb. 

Qeyd edək ki, BTQ tərəfindən Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlanıb. Sənəddə dənizşaşırı ərazilərdə insan hüquqlarının, söz və ifadə azadlığının, seçki hüququnun pozulması, onların öz iradəsini ifadə etməsinə maneələrin mövcudluğu əks olunub.

Töhfə Səməd

tag: Fransa, Konfrans,Abbas Abbasov, BTQ,Alie MERIL,Abubacar Mattoir, İnsan Hüquqları Komitəsi,

photo