Ermənistanın Qərb çətiri onu niyə yağışdan qorumur?
Xarici siyasət
02.07.2024 16:34
ABŞ tərəfi son günlər Azərbaycan-Ermənistan gündəliyində yenidən aktivliyini artırmağa çalışır. ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Brukinqs İnstitutundakı çıxışı belə deməyə əsas verir. O, bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var.
Məsələ ilə bağlı TodayPress-ə danışan politoloq Amid Əliyev qeyd edir ki, son günlər aktivliyin artması bir tərəfdən vasitəçilik missiyasının qabardılması ilə bağlıdırsa, digər tərəfdən də qarşıdan gələn Prezident seçkilərinədək bu məsələnin həll olunması istəyidir:
“İndiki məqamda Ermənistan Qərbi özü üçün təhlükəsizlik çətiri seçib. Bunun müqabilində də müvafiq strateji addımların atılmasını gözləyir. Belə ki, Ermənistan sərhədlərindən Rusiya sərhədçilərinin, 102 saylı hərbi hissənin çıxarılmasını və Ermənistanın iqtisadiyyatına küllü miqdarda xarici investisiyanın qoyulmasını istəyir. Bütün bunlar Ermənistan siyasi hakimiyyətini narahat edən əsas məqamlardandır. ABŞ çox gözəl anlayır ki, nə qədər ki, Rusiyanın Ermənistanda hərbi, iqtisadi gücü var, bu məslədə İrəvana real dəstək vermək çətin olacaq”.
Politoloq bildirir ki, nəqliyyat və kommunikasiyaların açılmasında, həmçinin bölgədə Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırlmasında maraqlı olan ABŞ-nin bu cəhdləri Azərbaycanın ciddi qanunvericilik tələbləri ilə ziddiyyət təşkil edir. Odur ki, ABŞ Ermənistana bu vəziyyətdən çıxmaq üçün yardımçı olmalıdır. Əks halda bu Ermənistanın siyasi hakimiyyəti üçün arzuolunmayan nəticələr yarada bilər.
Töhfə Səmədova
tag: Azərbaycan, Ermənistan, Politoloq, Amid Əliyev,Sülh, Hakimiyyət,ABŞ, todaypress.az,