Əli Əhmədov: “Azərbaycanın xarici siyasətinin ana xəttini sülh gündəliyi təşkil edir”
“Azərbaycan və Çin arasındakı əməkdaşlıq qarşılıqlı iqtisadi faydaya əsaslanır”.
TodayPress xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir. Hazırda bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə zəmin yaranıb. Ona görə də əməkdaşlıqların, qarşılıqlı dəyərlər sisteminin yenidən qurulmasına ehtiyac var:
“Çin dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən biridir. Həmçinin dünyanın daha ədalətli prinsiplər əsasında qurulması üçün qarşısına qoyduğu məqsədlərə çata biləcək potensiala malik ölkədir. Azərbaycanın xarici siyasətinin ana xəttini isə sülh gündəliyi təşkil edir. Azərbaycan bu istiqamətdə təkcə regionda deyil, ümumilikdə dünyada çox ciddi fəaliyyət göstərir. Azərbaycan ənənəvi olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayıb. İndi isə Azərbaycan Qlobal Cənub arasında körpü rolunu oynamaq missiyasını öz üzərinə götürüb. Hesab edirəm ki, ölkəmiz bu missiyanı yerinə yetirmək üçün ən vacib parametrlərə sahibdir".
Töhfə Səməd
tag: Azərbaycan,Çin,YAP,Saziş,Əlaqə,Todaypress.az,