Dövlət başçısı AIPAC-ın prezidentini və yeni seçilmiş prezidentini qəbul etdi - FOTO - YENİLƏNDİ
Xarici siyasət
11.12.2024 12:42
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin
(AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard
Kaminetskini qəbul edib.
TodayPress xəbər verir ki, qəbula görə
minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin
başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda
mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif
dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və
harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu
vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham
Əliyevə təşəkkür etdilər.
Qonaqlar ölkəmizə səfər çərçivəsində
Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin
özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya
üçün bir nümunədir.
Maykl Tuçin və Bernard
Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini
həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində
göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Dövlət başçısı da öz növbəsində
qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin
sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər
boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev
vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət
siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.
Dövlət başçısı Azərbaycanın
dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi
töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu
qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
11.56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti
Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul
edib.
tag: Prezident, İlham Əliyev,Azərbaycan, Bakı, todaypress.az,