Delimitasiyanın növbəti mərhələsi – “Zəngəzur düyünü” AÇILIR?
Xarici siyasət
18.06.2024 13:35
“Delimitasiyanın haradan başlanacağı delimitasiya komissiyalarının verəcəyi son qərardan asılı olacaq”.
Bu barədə Politoloq Oqtay Qasımov Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur səfəri zamanı delimitasiya ilə bağlı səsləndirdiyi fikirləri TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Paşinyanın Zəngəzura səfəri və orada səsləndirdiyi fikirlər müəyyən müzakirələrə səbəb olur:
“Xüsusilə də, Paşinyanın Zəngilanla sərhəddə çıxışı və delimitasiyanın buradakı Nerkin Hand kəndindən həyata keçirilməsinin vacibliyini vurğulaması təbii ki, bu, Ermənistan tərəfinin mövqeyidir. Amma Ermənistan və Azərbaycanın bu məsələdə müəyyən istiqamətlərdə mövqeləri üst-üstə düşür. Necə ki, Qazax istiqamətində sərhəddin mürəkkəb və müəyyən mübahisə doğuran hissələrində delimitasiyanın aparılmasına qərar verildi, eyni proses burada da həyata keçirilə bilər”.
Politoloqun qənaətincə, istənilən halda delimitasiyanın haradan başlanacağı delimitasiya komissiyalarının verəcəyi son qərardan asılı olacaq:
“Burada Paşinyanın və digərinin fikir söyləməsi sadəcə həmin işçi qrupu və komissiyanın müzakirəsi üçün mövzu ola bilər. Önəmli olan Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirib, sərhədlərin delimitasiya prosesini sürətlə həyata keçirməsidir”.
Qeyd olunan Nerkin Hand kəndi Zəngilan rayonunun sərhəddində yerləşir və vaxtaşırı bir neçə dəfə orada təxribatlar olub. Ən son belə təxribat bu ilin fevral ayında reallaşdırılıb. Nəticədə Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Dərhal cavab tədbirləri görülüb, atəş nöqtələri sıradan çıxarılıb və dörd təxribatçı məhv edilib.
Günəş Mərd
tag: Delimitasiya, Azərbaycan, Qərbi Azərbaycan, Zəngəzur, Siyasət, todaypress.az,