Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşdü- FOTO
Xarici siyasət
15.11.2024 22:38
Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin
innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb
ilə görüşüb.
Xarici İşlər Nazirliyindən TodayPress-ə
verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq
məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə
olunub.
Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında
əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin
qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə
layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun
sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş
kimi tanınmasına gətirib çıxardığı bildirilib.
COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim
fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır
olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: XİN, Azərbaycan, BMT, Ceyhun Bayramov, COP29, todaypress.az,